İSTE (Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyəti) təhsildə texnologiyadan istifadə ilə bağlı müxtəlif tədqiqatları həyata keçirən beynəlxalq təşkilatdır. İSTE—nin müəllimlər, şagirdlər və digər təhsil işçiləri üçün nəzərdə tutulmuş müxtəlif standartları var. Effektiv müəllim modeli və İSTE- nin şagirdlər üçün nəzərdə tutulmuş standartlarını tətbiq etməklə tədrisi inkişaf etdirmək, zəngin öyrənmə təcrübəsi yaratmaq və şagirdlər, müəllimlər, təhsil işçiləri üçün müsbət model yaratmaq mümkündür. Bütün müəllimlərin bu standartlar və performans göstəriciləri ilə tanış olması və tətbiq etməsi tövsiyyə edilir:
- Şagirdlərin öyrənmələrini asanlaşdırmaq və yaradıcılığa təşviq etmək
Müəllim fənnə aid biliklərindən, öyrənmə və öyrətmə imkanlarından, texnologiyadan istifadə edərək, üzbəüz və yaxud distant şəkildə şagirdlərin öyrənmələrini asanlaşdıracaq, yaradıcılıq, yenilikçilik bacarıqlarını inkişaf etdirən fəaliyyətlər təşkil edir.
- Texnologiya əsrinin tələblərinə uyğun öyrənmə fəaliyyətləri və qiymətləndirmə hazırlamaq və inkişaf etdirmək.
Müəllim effektiv öyrənmənin baş verməsi üçün müasir dövrün yeni texnologiyalarından, rəqəmsal resurslarından istifadə edərək müxtəlif öyrənmə fəaliyyətləri təşkil edir, onları inkişaf etdirir və nəticəsini qiymətləndirir. Öyrənənin tiplərinə görə rəqəmsal resurslardan və texnologiyadan istifadə edərək hazırladığı tapşırıqları fərdiləşdirir, şagirdlərin xüsusiyyətlərinə və bacarıqlarına uyğun resurslardan istifadə edir, texnologiyadan istifadə edərək müxtəlif formalarda formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb şagirdlərə təqdim edir.
- Rəqəmsal texnologiyalar dövründə iş və öyrənmə mövzusunda nümunə olmaq
Yenilikçi bir peşə sahəsinin nümayəndəsi olan müəllim texnologiya əsrinin tələblərinə uyğun şəkildə işləyir, buna uyğun olan bilik və bacarıqlarını nümayiş etdirir. Şagirdlər, valideynlər və təhsil sahəsində çalışan digər şəxslərlə müasir texnologiyalardan istifadə etməklə ünsiyyət qurur və əməkdaşlıq edir.
- Rəqəmsal vətəndaşlığı təbliğ edir
Sürətlə dəyişən və inkişaf edən bir rəqəmsal cəmiyyətdə yaşayan müəllimlər bu rəqəmsal cəmiyyətin yerli və qlobal problemlərini, qaydaları bilir və onlara əməl edir. Müəllif hüquqlarına, intelektual mülkiyyətə hörmətlə yanaşır.
- Peşəkar inkişaf və liderlik
Müəllim daima peşəkar inkişafına diqqətlə yanaşmalı, özünü peşəkar olaraq inkişaf etdirməli və həyat boyu fasiləsiz öyrənmə mövzusunda nümunə olmalıdır. Bu məqsədlə müəllim beynəlxalq və yerli tədbirlərdə iştirak etməli, şagirdlərin öyrənmə imkanlarını inkişaf etdirmək üçün yeni proqramlar, onlayn resurslar tapmalıdır.
Digər standartları və müəllimlər üçün olan standartların İngilis dilində olan versiyasını oxumaq üçün link:
https://drive.google.com/drive/folders/0B7uyMv1mHyxBbEduTXlYMHhubzA?usp=sharing