Scratch proqramında Flappy Bird oyunun hazırlanması

Hörmətli izləyicilərimiz, 

Bu yazımızda sizləri Scratch proqramında Flappy Bird oyunun hazırlanması qaydası ilə tanış edəcəyik. Təlimatdan uşaqlar üçün olan proqramlaşdırma fəaliyyəti kimi İnformatika və STEAM dərslərinizdə istifadə edə bilərsiniz.

Hazırlayacağımız oyunun məqsədi quşu maneyələrdən qaçırmaq və yerə toxunmasına mane olmaqdır. Quş maneyələrə və ya yerə toxunduğu halda oyun bitəcəkdir.

Gəlin ilk öncə proqrama daxil olaq: https://scratch.mit.edu/ 

Proqrama daxil olduqdan sonra Yaratmaq (Create) əmrini seçək. Əgər proqramın interfeysi Azərbaycan dilində deyilsə qlobus işarəsindən Azərbaycan dilini seçə bilərsiniz. Uyğun dil seçimini etdikdən sonra personajları və arxa fonu daxil etməyə başlayaq.

Arxa fon olaraq Flappy Bird oyununda olan fonlara bənzər təsvirlərdən birini seçək. 

Əgər arzu etsəniz başqa fon da seçə bilərsiz. 

Bundan başqa oyunun bitmə səhnəsini də da seçib üzərinə oyun bitdi mesajı yazırıq.

Pişik personajından istifadə etməyəcəyimiz üçün onu silək. Quş və Maneyə olmaqla 2 ədəd personajlar əlavə edək. Arzu etsəniz, fərqli personajlardan istifadə edə bilərsiz. Quş personajını əlavə etmək üçün Scratchın Sprite kitabxanasından istifadə edək. Borunu isə internetdə Flappy Bird pipe açar sözlərindən istifadə etməklə axtarıb tapa bilərsiniz. Boru maneyəsini tapdıqdan sonra Sprite-lər bölməsindən kompüterdən yükləmə əmrini seçməklə Scratch proqramına daxil edin. Daha sonra quşun maneyənin arasından keçə bilməsi üçün ölçüsünü kiçildək. Bunu üçün quş personajını seçib, onun hər iki libasının ölçüsünü kiçildirik. Ölçü kiçildikdən sonra əmin olmalıyıq ki, personaj iş sahəsinin mərkəzindədir. Hər dəfəsində eyni maneyə səhnəsinin gəlməsinin qarşısını almaq üçün maneyə personajını  fərqli  libaslara keçirirəcəyik. Bunun üçün boru-maneyə personajını seçib, libaslar bölməsinə keçirik. Burada mövcud libasın iki dublikatını yaradıb, birində alt, digərində isə üst borunu pozanla silirik.

Beləliklə, 3 fərqli formada maneyə əldə etmiş oluruq. Artıq arxa fon və personajları seçdiyimizə görə kod hissəsinə keçə bilərik. 

İlk növbədə quş personajını seçək və ona uyğun kod bloklarını iş sahəsinə daxil edək.

Oyunun işə düşməsi üçün Yaşıl bayraqdan istifadə edəcəyik. Hadisələr bölməsindən Yaşıl bayraq kliklənəndə əmrini seçək. Oyun başlayanda uyğun arxa fona keçməsi üçün Görünüş bölməsindən Blue Sky fonuna keç blokunu, personajın oyunun əvvəlində görünməsi üçün Görün blokların seçək. Hərəkət bloklarından Keç x: y: bloku vasitəsi ilə personajın ilkin mövqeyini təyin edirik. Daha sonra idarəetmə blokundan həmişə təkrarla komandasını iş sahəsinə daxil edirik. Əgər boşluq düyməsi sıxılıbsa hərəkət bloklarından y -i artır əmri ilə  y koordinatını 5 vahid artırırıq, əks halda sıxılmayıbsa personajın aşağı düşməsi üçün y koordinatını -5 dəyişirik. Bu kod üçün idarəetmədən əks halı olan Əgər blokundan və Sensorlar blokundan boşluq düyməsi sıxılıbsa əmrlərindən istifadə edirik. 

Oyunun maneyə və ya yerə toxunanda başa çatması üçün idarəetmə bölməsindən ikinci bir əgər bloku daxil edirik. Maneyəyə və ya səthə toxunmasını müəyyən etmək üçün Sensorlar bölməsindən rəngə toxunur, personja toxunur kimi komandalarından istifadə edirik. Əgər personaj maneyə və ya yerə toxnursa personajı gizlədib, uduzdum ismarıcı göndəririk. Oyunun bitməsi effektini yaratmaq üçün Arxa fonu dəyişirik. Görünüş bölməsindən fonuna dəyiş komandasında istifadə edirik.  Daha sonra bütün kodların dayanması tapşırığını veririk.  Eyni zamanda quşun uçmaq effektini yaratmaq üçün yeni bir bayraq bloku qoyub daxilində həmişə 0.3 saniyə gözləyib yeni libasa keçməsini təmin edirik. Bütün bu dediklərimizdən sonra quş personajı üçün kod şəkildəki kimi olacaqdır. 

İndi isə maneyə boruları üçün kodları yazmağa başlayaq. İlk öncə Yaşıl bayraq blokunu daxil edək. Oyun ilk başlayanda mane olmasın deyə maneyə personajını gizlədirik. Hərəkət blokundan  Keç X: Keç Y: komandası ilə maneyyənin ilkin vəziyyətini təyin edirik.  Maneyələrin fərqli zamanlarda gəlməsi üçün saniyə gözlə bloku seçirik və Gözlə blokunun vaxtı göstərdiyimiz dəyər hissəsində 2 və 4 arası təsadüfi ədəd seç bloku daxil edirik. Təsadüfi ədəd seç blokunu Operatorlar hissəsində tapa bilərsiz. Daha sonra bir seçə maneyənin gəlməsi üçün öz klonunu yarat komandasını daxil edirik. Prosesin oyun boyu davam etməsi üçün bütün bu kodları həmişə blokunun içərisinə salırıq. Klon kimi başlayan personajla iş üçün İdarəetmə Mən klon kimi başlayanda komandasını iş sahəsinə daxil edirik. Maneyənin hər dəfə təsadüfi bir formada gələsi üçün görünüşdən Libasına dəyiş və operatorlardan təsadüfi ədəd seç komandalarından istifadə edirik. Klon yarandıkdan sonra kodu 1 saniyə gözlədib Y koordinatın təyin edirik. Oyun başlayanda gizlədildiyi üçün görün əmrini daxil edirik.  Oyunda hərəkət edən quş personajı kimi görünsə də əslində ona tərəf hərəkət edən maneyə borularıdır. Bu hərəkəti təmin etmək üçün onların klonlarını yaradıb. X koordinatını müəyyən miqdar azaldırıq. Əgər X koordinatı dəyişərək Quşun olduğu mövqeni keçibsə onu artıq silə bilərik. Bu  prosesi davamlı oyun ərzində davam etməsi üçün həmişə dövrlərindən istifadə edirik.  Uduzmaq ismarıcı gələndə isə, maneyəni gizlədib, 1 saniyə gözləməklə bütün kodları saxlayırıq. Bütün bu qeyd etdiklərimizdən sonra kodlar şəkildə verilmiş kimi olacaqdır.

Oyun tam hazır olduqda videodakı kimi işləyəcəkdir:

Oyunu necə inkişaf etdirə bilərsiz?

Quş aşağı düşən zaman əyilməni necə təmin etmək olar?

Necə edə bilərik ki hər maneyəni keçdikcə oyunçu bir xal qazansın?

Necə edə bilərik ki, əgər oyunçu 180 saniyə heç bir maneyəyə toxunmasa qalib elan olunsun. 

Fikirlərinizi bizimlə Facebookİnstagram hesabımızda şərh bölməsində paylaşın

Microsoftun trend təhsil alətlərindən Wakelet

Son zamanlarda Wakelet trend təhsil aləti kimi müəllimlərin ən çox istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Bəs Wakelet dərs mühitinizi necə dəyişdirir və sizin üçün daha asan bir öyrənmə mühiti yaradır? Növbəti yazımızda bu haqqda sizə məlumat verməyə çalışacağıq.

Wakelet platformu nədir?
Wakelet həm müəllimlər, həm şagirdlər üçün əlçatan və izləməsi asan olan ödənişsiz platformadır.Tədris zamanı lazım olan material və məzmunların rahatlıqla bir araya gətirilməsinə şərait yaradaraq, tədris prosesini asanlaşdırır. Wakelet öz istifadəçilərinə hər media tipinə uyğun məlumatların toplanması və məqsədəuyğun şəkildə təşkil olunması üçün imkan yaradır. 

Bəs müəllimlər və şagirdlər Wakelet platformuna necə daxil olur və ondan necə istifadə edirlər ?

Hal-hazırda dünyanın bir çox yerində müxtəlif sahədən insanlar Wakelet platformundan gündəlik fəaliyyətlərində istifadə edirlər: tədris sahəsində işçilər, tələbələr, idmançılar, bloggerlər, tədqiqatçılar, səyahətçilər, jurnalistlər, kitabxanaçılar, fotoqraflar və hətta təşkilatlar.  

İlk öncə, düşünürük ki, Wakelet platformunun şagirdlərin təhsil həyatındakı asanlaşdırıcı rolunu analiz etməklə, platformun önəmini vurğulaya bilərik. Şagirdlər Wakelet üzərindən rəqəmsal portfoliyo yarada bilərlər ki, bu da onların professional inkişafına və sinifdənkənar fəaliyyətlərdə iştiraklarının artmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı mövzuda tədqiqat işi apararkən Wakelet platformunun məlumatların toplanması və onun yenidən təşkilində, şagirdlərin öz qeydlərinin, video və ya şəkil məlumatlarının daxil edilməsində, qrup halında çalışarkən fikir mübadiləsində, həyata keçirdikləri layihələrin daha çox insana çatmasında olan rolu vurğulanmalıdır. Bir sözlə, tələbələr Wakelet Goggle Chrome uzantısından yaralanaraq, Wakelet kolleksiyasının gücündən istifadə etməklə araşdırmalarını asanlıqla idarə edə bilərlər.

Wakelet platformunun müəllimlərin tədris prosesində də müsbət rolu danılmaz faktdır. Biz bilirik ki, dərs planlanması müəllimlər üçün ən vaxt aparan və zəhmət tələb edən prosesdir. Wakelet isə bu prosesi daha əyləncəli hala gətirməklə yanaşı, müəllimlərin dərs planlanmasındakı kreativliyini də artırır. Həmçinin, dərs zamanı istifadə oluna bilən bütün növ materiallar sistemli halda bu platformda toplana və istənilən şəkildə nizamlana bilər, hansı ki, bu dərs zamanı lazım olan məlumat və materialların asan yolla əlçatan edir. Müəllimlər aktiv öyrənən olaraq daim yeni bacarıq və texnika inkişaf etdirir. Bu fikirdən yanaşsaq, onlar istər ilham verici bir podcast dinləmək, istər konfransdan ən yaxşı tövsiyələri götürmək, istərsə də düşündürücü bir məqalə oxumaq olsun, hamısını Wakelet kolleksiyalarına əlavə edə və istədikləri zaman yenidən nəzərdən keçirə bilərlər. 

Wakelet platformunun öyrənən üçün üstünlükləri:

  • 21-ci əsr bacarıqlarını inkişaf etdirir → yaradıcılıq, kommunikasiya bacarıqları, komandada işləmək qabiliyyəti, kritik düşüncə tərzi və s.
  • Rəqəmsali bacarıqlarını artırır;
  • Təqdimat bacarıqlarını inkişaf etdirir;
  • Qlobal əlaqələr yaradır;
  • Microsoft Teams daxilində bir tətbiq olaraq mövcuddur;
  • Məzuniyyət mərasimləri kimi tədbirləri dərc edərək, əsas çıxışların videolarını paylaşaraq, əlaqəli sosial media söhbətlərini arxivə qoyaraq və gündən foto yükləyərək dünyanın hər yerindən əlçatandır
  • Harda olursanız olun, hər zaman şagird və ya tələbələrinizlə, iş kollektivinizlə, həmkar və partnyorlarınızla bağlantıda qalmaqda yardım edir və s.

Sonda, onu deyə bilərik ki, Wakelet insanlara veb üzərindəki məzmunu tez və asanlıqla yadda saxlamağa, məqsədəuyğun təşkil etməyə və paylaşmağa imkan verir. Dünyanın bütün yerindən müxtəlif sahədə çalışan insanlar çox sayda qaynaq əldə etmək, portfel kolleksiyası yaratmaq üçün, xəbər bülleteni kimi və digər bir çox məqsədlər üçün Wakelet platformundan istifadə edirlər!

Daxil olmaq üçün link: https://wakelet.com/

Mənbə

İDEYA XƏRİTƏSİ NƏDİR? ONU NECƏ HAZIRLAMALI?

İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür: 

  • Qeydlər aparmaq üçün
  • Təhlil və analiz prosesində
  • Tədqiqat prosesində
  • Xülasə hazırlamaq üçün
  • Konsept və proseslərin vizullaşdırılması
  • Problemin həll yolunu araşdırmaq
  • Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
  • Planlaşdırma işlərində

Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir.  İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz. 

1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.

2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.

İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:

  • Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
  • İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
  • İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
  • İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir

Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.

  1. https://coggle.it/  – ödənişsiz platformadır. İnternet brauzeri  üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir. 
  2. https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
  3. Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
  4. https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
  5. https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.

Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.

İdeya xəritələrinin hazırlanması

Yaradıcılıqla öyrənmə- Oyun başlasın ! -onlayn kurs

Kursun məqsədi: Yaradıcılıq ilə öyrənmə: oyun başlasın! coursekursu, bütün fənlərdən ibtidai və orta məktəb müəllimlərini oyun vasitəsilə öyrənməyin əhəmiyyətini başa düşməyə və sinifdə oyunların istifadə  edilməsi yollarını göstərməyi hədəfləyir. Bu onlayn kurs oyunlarla öyrətmək, oyunlar vasitəsilə yaratmaq və oyun yaratmaq istəyən müəllimlər üçün xüsusilə qiymətlidir və iştirakçılara daha məhsuldar və yenilikçi tədris və təlim üçün müxtəlif vasitələr, qaynaqlar və tətbiqlər təqdim etməyi nəzərdə tutmuşdur.

Başlama tarixi: 29 Aprel 2019

Müddəti: 6.5 həftə

Təlim dili: Ingilis dili

Bütün mərhələləri uğurla tamamlayan iştirakçılara sertifikat veriləcəkdir.

Link: http://academy.schooleducationgateway.eu

Peşəkar inkişaf üçün təlim seçərkən diqqət etməli olduğumuz meyarlar

Günümüzdə müəllimlik hər zaman özünü inkişaf etdirməyi tələb edən peşə sahəsidir. Müəllim hər zaman öz biliklərini artırmalı, bacarıqlarını inkişaf etdirməli və yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün təhsil sahəsində təşkil olunan təlimlərdə iştirak etmək hər bir müəllimin arzusu və istəyidir. Bəs təlim seçərkən hansı faktorlara diqqət etmək lazımdır? Bu yazımda  təlim seçərkən diqqətli olmanız gərəkən meyarlar haqqında danışacam.

  1. Təlimin mövzusu nədir? Bəzən təlimin adı qulağa gözəl səslənsə də təlim bildiyiniz bir mövzuda və yaxud sizin üçün maraqlı olmayan bir mövzuda ola bilər. Ona görə də təlimə qoşulmazdan əvvəl təlimin mövzusu ilə maraqlanın və özünüzə sual verin bu mövzunu bilmək sizə nə qədər lazımdır? Gələcək işlərinizdə bu mövzu sizə nə qədər faydalı olacaq? Təlim seçərkən çalışın ki, sizə bugün ki  işinizdə daha çox lazım olan mövzularda olan təlimlərə üstünlük verəsiniz.
  2. Təlimçi kimdir? Təlimin mövzusu nə qədər əhəmiyyətlidirsə, təlimi keçən təlimçi də bir o qədər mühüm meyardır. Təlimini keçdiyi mövzuya  tam bələd olmayan bir təlimçinin təlimində vaxtınızı və pulunuzu itirməyi sizdə istəməzsiniz. Buna görə də, təlimində iştirak etmək istədiyiniz təlimçini təliminə getməzdən əvvəl təcrübəsini, əvvəlki təlimlərini araşdırın. Əvvələr həmin təlimçinin təlimində iştirak etmiş dostlarınızdan və həmkarlarınızdan təlimçi haqqında məlumat əldə edin.
  3. Təlimin müddəti mövzuya uyğun olmalıdır. Nəzərə alın ki təlim əgər çox qısa müddətlidirsə, sizə öyrəndiklərinizi tətbiq etmək və yaxud müzakirə etmək imkanı verməyəcək. Bu zaman təlim sizin gözlədiyiniz effekti verməyəcək, elə öyrəndiklərinizin böyük hissəsini təlimdən bir neçə gün sonra unudacaqsınız. Buna görə də, təlim seçən zaman bir və yaxud bir neçə gün davam edən təlimlərə üstünlük verin.
  4. Təlimin planı və ya toxunulacaq mövzunun qısa xülasəsi paylaşılıbmı? Peşəkar insanlar tərəfindən hazırlanan təlimlərin planı və yaxud qısa xülasasi iştirakçıları məlumatlandırmaq məqsədi ilə əvvəlcədən paylaşılır, təlimdə toxunulacaq mövzular haqqında iştirak etmək istəyən şəxslərə məlumat verilir. Siz bu plan və yaxud məlumatla tanış olmaqla, təlimdən öncə təlimin mövzusu haqqında məlumat əldə etmiş olursunuz. Bu isə sizi sizin üçün maraqlı olmayan bir mövzuda olan təlimdə iştirak etməkdən qoruyur.
  5. Təlimin qiyməti. Təlimi seçərkən mühüm faktorlardan biri də təlimin qiymətləridir. Ölkəmizdə bu gün keçirilən təlimlərin bəzilərinin qiymətlərinin normadan yüksək olduğunu düşünürəm. Əgər təlimdə danışılacaq mövzunu özünüz interetdən öyrənə bilərsinizsə, niyə həmin mövzunun təliminə vəsaitinizi xərcləyəsiniz? Eyni zamanda həmin təlimə xərclədiyiniz vəsaitə bir neçə kitab da alıb oxuya bilərsiniz. Təlimlərə “Yüksək ödəniş tələb olunur, keyfiyyəti də yaxşı olar” fikri ilə yanaşmayın. Unutmayın ki, “Aşbaz yaxşı olduqda, ucuz ətdən də şorba olur”. 
  6. SERTIFIKAT- Sertifikat əldə etdiyimiz uğurun bir göstəricisi olsa da, gedəcəyiniz təlimləri sertifikat verib -verməməsinə görə seçməyin. Sonda sertifikat verilməyən faydalı təlimlər və sonda sertifikat verilən heç bir faydası olmayan təlimlər də var. Əgər getdiyiniz təlim ikinci qrupa aiddirsə aldığınız sertifikatın heç bir dəyəri olmayacaq. Sertifikata görə təlim seçib gedirsinizsə, sertifikatı verən qurumun buna nə qədər səlahiyyəti olmasını, sertifikatın TN tərəfindən tanınıb-tanınmaması əvvəlcədən aydınlaşdırın.

Bəs siz təlim seçərkən hansı meyarlara görə seçirsiniz? Fikirlərinizi paylaşmağı unutmayın.

Onlayn seminar elanı

Hörmətli müəllimlər.

22.05.2015 -ci il tarixində saat 11.00- da Google Drive- əməkdaşlığın yeni ünvanı adlı onlayn seminar keçriləcəkdir.

Seminarda iştirak etmək istəyənlər aşağıdakı formu doldurmaları xahiş olunur.

Qeyd: Seminar ödənişsizdir, seminarda qeydiyatdan keçən ilk 10 nəfər iştirak edəcəkdir. Seminar iştirakçılarının Gmail hesabı olması mütləqdir.

Qeydiyyat üçün link:

https://docs.google.com/forms/d/1KEOmnxwHhZLhAHUfAHg6FmEwC-S0XR9XlX1Osq5FbIk/viewform

google drive telimi.jpg