Təhsil və onunla bağlı mövzular insanları nə qədər maraqlandırır?
Təhsil və onunla bağlı mövzular vətəndaşlarımızı nə qədər maraqlandırır? Bu suala cavab tapmaq üçün Google Trends vasitəsi ilə kiçik bir araşdırma apardım. Google Trends ilə son 12 ayda ölkəmizdən və bir neçə başqa ölkədə Google ilə müəyyən açar sözlərlə aparılan axtarışlara baxdım. Aşağıda göstərilən statistikada 100 rəqəmi yüksək populyarlığı, 50 -isə orta populyarlıq üçün verilən qiymət hesab olunur:
1. Google vasitəsi ilə ölkəmizdə “Texnologiya” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 16- 37
2. Google vasitəsi ilə Türkiyə ərazisində “Teknoloji” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 61- 17
3.Google vasitəsi ilə ABŞ ərazisində “Technology” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 89- 13
4. Google vasitəsi ilə ölkəmizdə “Kurikulum” və “Serial” açar sözləri ilə axtarışların nisbəti: 28- 63
Düşünürəm ki, qrafiklər Google üzərində insanların daha çox hansı mövzulara maraq göstərdiklərini aydın göstərir. Təəssüf olsun ki, insanlar seriala, Messiyə və s. göstərdikləri marağı təhsilə, texnologiyaya göstərmirlər.
Əgər özünüz müqayisələr aparmaq istəyirsinizsə, aşağıdakı addımları izləyin:
- Verilmiş linkə daxil olun : https://trends.google.com/trends/?geo=AZ
- Nəticələrinə baxmaq istədiyiniz açar sözü daxil edib, ENTER düyməsinə klikləyin
- Digər bir açar sözlə müqayisə etmək istəyirsinizsə, İkinci açar sözü “+Compare” hissəsinə daxil edin.
- Nəticələrə fərqli ölkələr və müddət üçün baxmaq mümkündür.
Oyun kartları ilə proqramlaşdırmanın tədrisi- Cody Roby
Günümüzdə proqramlaşdırmanı tədris etmək, alqoritmik düşüncə bacarığını inkişaf etdirmək üçün müxtəlif resurslardan istifadə edilir. Lakin bu resursların əksəriyyəti online olduğu üçün ölkəmizdəki bütün məktəblilər və müəllimlər üçün əlçatan deyil. Bu səbəbədən sizi Cody roby resursu ilə tanış etmək istəyirəm. Cody Roby proqramlaşdırmanı tədris etmək üçün istifadə olunan kart oyunudur. Oyunun prinsiplərinə görə code.org saytındakı oyunlara bənzəyir. Oyun bir ədəd şahmat lövhəsinə bənzəyən oyun lövhəsi, personajlar, personajların çatacağı yeri göstərən qara xanalar və personajın hərəkət alqoritmini qurmaq üçün istifadə olunan sola dönmə, sağa dönmə, hərəkət kartlarından ibarətdir. Oyundan müəllim-şagird və şagird- şagird formasında istifadə etmək mümkündür. Müəllim- şagird modelində müəllim tapşırığı qurur və şagird məsələni həll edir. Şagird- Şagird modelində isə müəllim məsələni qurur, şagirdlər öz aralarında məsələni qısa müddətdə həll etmək üçün yarışırlar. Oyundan eyni zamanda hərəkət, istiqamət, məsafə, kordinat sistemi kimi mövzuların tədrisində də istifadə etmək olar
Resurslar, elektron lövhə üçün hazırlanmış oyunu yükləmək üçün və istifadə təlimatı ilə tanış olmaq üçün daxil olun : link
Resurs Code Week Eu səhifəsindən götürülmüşdür. Ətraflı məlumat üçün daxil olun: link
Programlaşdırmanın tədrisi üçün interaktiv sayt
Aşağıdakı linkdə, şagirdlərə proqramlaşdırma ilə bağlı interaktiv tapşırıqlar təqdim edən sayt verilmişdir. Saytın əsas ideyası şagirdləri öz səhvlərindən öyrənməyə yönləndirməsidir. Saytdan həm dərs zamanı, həm də dərsdən əlavə saatlarda istifadə edə bilərsiniz. Hal -hazırda saytda iki müxtəlif tapşırıq növü aktivdir.
Tapşırıq 1: http://silentteacher.toxicode.fr
Tapşırıq 2: http://compute-it.toxicode.fr
Saytın ümumi linki http://www.toxicode.fr/learn#stay-tuned
Saytda suallara düzgün cavab verdikdə cavabınız yaşıl, səhv cavablarda isə cavabınız qırmızı rəngdə olur. Hər bir rəngi dəyişən dairə keçdiyiniz bir mərhələni göstərir. Sayt əsasən proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulub.
Təhlükəsiz İnternet günü 2018- “ŞAGİRD” posteri
Hörmətli müəllimlər və valideynlər,
9 fevral 2018- cı il tarixi dünyada Təhlükəsiz İnternet günü kimi qeyd edilir. İnternetdən düzgün və məqsədyönlü istifadə hər bir şagirddə formalaşdırılması vacib olan bacarıqlardan biridir. Bu səbəblə, dərslərinizdə həmin tarixdə kiçik bir vaxt ayrıb, şagirdlərinizə internetdən düzgün və məsuliyyətli istifadə haqqında məlumat verin.
Posteri yükləmək üçün bura klikləyin.
Elektron lövhələrdən istifadə təlimatı
- Elektron lövhələrin üzərinə maqnit və digər əşyaları yapışdırmaq olmaz. Yapışdırılan əşyalar və maqnit elektron lövhənin kalibrasiyasına və yazının dəqiqliyinə pis təsir edir.
- Elektron lövhələrin üzəridə markerlə yazmayın. Markerlə yazılmış lövhələrin görüntüsünün keyfiyyəti aşağı düşür. İti əşyalardan yazı aləti kimi istifadə etməyin. Elektron lövhənin səthini cızmayın.
- Elektron lövhələrin lampalarının istifadə müddətində məhdudiyyət olduğu üçün, istifadə etmədiyininiz vaxtlarda elektron lövhələri söndürün. Elektron lövhə söndürüldükdən sonra, dərhal cərəyandan ayırmayın. Bir neçə dəqiqə gözləyib daha sonra cərəyandan ayırmağınız tövsiyyə edilir.
- Elektron lövhənin kabellərinə qarşı diqqətli olun: qatlamayın, asanlıqla tapdalana biləcək yerlərə qoymayın .
- Elektron lövhə işləyərkən onun proyektorunun həddindən çox isinə biləcəyi üçün proyektora toxunmamaları barəsində şagirdlərinizi təlimatlandırın. Eyni zamanda onlara izah edin ki, elektron lövhənin lampasına bir başa baxmaq gözləri üçün zərərlidir.
- Şagirdlərin boyu yazmaq üçün lövhənin yuxarı hissəsinə çatmırsa, stuldan və digər əşyalardan istifadə etməyin.
- Elektron lövhənin ekranını və kənar çərçivəsini hər zaman təmiz saxlayın. Elektron lövhəni təmizləməzdən əvvəl onu söndürün və kompüterdən ayırın. Interaktiv lövhənin ekranın üzərinə bir başa təmizləyici maddəni püskürtməyin, bunun əvəzinə təmizləyici maddəni lövhəni təmizlədiyiniz parçanın üzərinə püskürdün və və lövhəni onun vasitəsi ilə yumuşaq şəkildə təmizləyin. Proyektorun lampasına heç vaxt bir başa əl ilə toxunmayın
- Elektron lövhədə hansısa texniki problem yarandıqda bu barədə lazımı qurumlara məlumat verin.
ClassDojo alətinin sinifdə istifadəsi
ClassDojo sinif idarə etmə alətlərindən biridir. Əsasən sinifdə şagirdləri düzgün davranışa istiqamətləndimək üçün istifadə olunsa da, müəllimlər üçün faydalı bir çox funksiyası da vardır. Gəlin bunlara qısa şəkildə nəzər salaq:
Toolkit- Dərsdə istifadə edə biləcəyiniz alətlər qutusudur. Daxilindəki. alətlərdən bəziləri:
- Timer– İrəliyə və geriyə doğru sayım saatları
- Random– Təsadufi şagird seçmək üçün istifadə olunur
- Group Maker– Şagirdləri qısa zamanda, verilmiş sayda qrupa bölür
- Noise Meter- Sinifdəki səs- küyün səviyyəsini göstərən interaktiv şkala
Classroom- Bu bölmədə şagirdlərə xal vermək və yaxud xal çıxmaqla yarış təşkil olunur və düzgün davranışa motivasiya olunur. Meyarlar və onlara veriləcək xallar sizin tərəfinizdən seçilir. Valideynləri əlavə etməklə onlar verilən və yaxud çıxılan istənilən xaldan xəbərdar olmalarını, hesabatlar almalarını təmin etmək mümkündür. Proqramn oyunlaşdırma hissəsidir.
Stories- Bütün sinif jurnalında və yaxud individual formada mətn, şəkil, fayl paylaşmaq mümkündür. Bu proqramın rəqəmsal portfolyo kimi istifadə olunan hissəsidir.
Messages– valideynlərə toplu və yaxud individual məktublar göndərmək mümkündür.
Resursdan istifadə ilə bağlı video təlimat:
Öyrənməni əyləncəyə çevir ! – Kahoot
Kahoot sinifdə bilik yarışı təşkil etmək üçün istifadə edə biləcəyiniz maraqlı saytlardan biridir. Xüsusi ilə formativ qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz bu sayt uşaqlarda dərsə qarşı böyük maraq yaradır. Müəllim əvvəlcə kahoot saytında oyunu hazırlayır və oyunu proyektor və ya elektron lövhə vasitəsi ilə nümayiş etdirir. Şagirdlər telefon və ya kompüter ilə lövhədəki kodu yazıb, oyuna qoşulur və bir – birlərinə qarşı yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qurğularında görünür. Ən tez və ən çox düzgün cavab verən şagird (komanda ) daha çox xal toplayır və qalib olur.
Oyun hazırlamaq üçün link (müəllimlər üçün): https://kahoot.com
Oyun oynamaq üçün link: (uşaqlar üçün ): https://kahoot.it
İstifadəsinin üstünlükləri:
- Şagirdlərin dərsə motivasiyasını artırır, dərsə qarşı maraq yaradır.
- Müxtəlif qurğular (kompüter, telefon, planşet) vasitəsi ilə qoşulmaq və oynamaq mümkündür.
- Sadə dizaynı var, istifadəsi rahat və asan öyrənilə biləndir.
- Müxtəlif növ suallardan istifadə etmək mümkündür.
- Suallarda şəkillərdən, videolardan istifadə etmək mümkündür.
- Oyun birdikdən sonra, proqram müəllimə detallı şəkildə nəticələri təqdim edir.
Resursdan istifadə haqqında video:
Effektiv formativ qiymətləndirməyə necə nail olmalı?
Müəllimlər üçün Beynəlxalq İSTE standartları
İSTE (Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyəti) təhsildə texnologiyadan istifadə ilə bağlı müxtəlif tədqiqatları həyata keçirən beynəlxalq təşkilatdır. İSTE—nin müəllimlər, şagirdlər və digər təhsil işçiləri üçün nəzərdə tutulmuş müxtəlif standartları var. Effektiv müəllim modeli və İSTE- nin şagirdlər üçün nəzərdə tutulmuş standartlarını tətbiq etməklə tədrisi inkişaf etdirmək, zəngin öyrənmə təcrübəsi yaratmaq və şagirdlər, müəllimlər, təhsil işçiləri üçün müsbət model yaratmaq mümkündür. Bütün müəllimlərin bu standartlar və performans göstəriciləri ilə tanış olması və tətbiq etməsi tövsiyyə edilir:
- Şagirdlərin öyrənmələrini asanlaşdırmaq və yaradıcılığa təşviq etmək
Müəllim fənnə aid biliklərindən, öyrənmə və öyrətmə imkanlarından, texnologiyadan istifadə edərək, üzbəüz və yaxud distant şəkildə şagirdlərin öyrənmələrini asanlaşdıracaq, yaradıcılıq, yenilikçilik bacarıqlarını inkişaf etdirən fəaliyyətlər təşkil edir.
- Texnologiya əsrinin tələblərinə uyğun öyrənmə fəaliyyətləri və qiymətləndirmə hazırlamaq və inkişaf etdirmək.
Müəllim effektiv öyrənmənin baş verməsi üçün müasir dövrün yeni texnologiyalarından, rəqəmsal resurslarından istifadə edərək müxtəlif öyrənmə fəaliyyətləri təşkil edir, onları inkişaf etdirir və nəticəsini qiymətləndirir. Öyrənənin tiplərinə görə rəqəmsal resurslardan və texnologiyadan istifadə edərək hazırladığı tapşırıqları fərdiləşdirir, şagirdlərin xüsusiyyətlərinə və bacarıqlarına uyğun resurslardan istifadə edir, texnologiyadan istifadə edərək müxtəlif formalarda formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb şagirdlərə təqdim edir.
- Rəqəmsal texnologiyalar dövründə iş və öyrənmə mövzusunda nümunə olmaq
Yenilikçi bir peşə sahəsinin nümayəndəsi olan müəllim texnologiya əsrinin tələblərinə uyğun şəkildə işləyir, buna uyğun olan bilik və bacarıqlarını nümayiş etdirir. Şagirdlər, valideynlər və təhsil sahəsində çalışan digər şəxslərlə müasir texnologiyalardan istifadə etməklə ünsiyyət qurur və əməkdaşlıq edir.
- Rəqəmsal vətəndaşlığı təbliğ edir
Sürətlə dəyişən və inkişaf edən bir rəqəmsal cəmiyyətdə yaşayan müəllimlər bu rəqəmsal cəmiyyətin yerli və qlobal problemlərini, qaydaları bilir və onlara əməl edir. Müəllif hüquqlarına, intelektual mülkiyyətə hörmətlə yanaşır.
- Peşəkar inkişaf və liderlik
Müəllim daima peşəkar inkişafına diqqətlə yanaşmalı, özünü peşəkar olaraq inkişaf etdirməli və həyat boyu fasiləsiz öyrənmə mövzusunda nümunə olmalıdır. Bu məqsədlə müəllim beynəlxalq və yerli tədbirlərdə iştirak etməli, şagirdlərin öyrənmə imkanlarını inkişaf etdirmək üçün yeni proqramlar, onlayn resurslar tapmalıdır.
Digər standartları və müəllimlər üçün olan standartların İngilis dilində olan versiyasını oxumaq üçün link:
https://drive.google.com/drive/folders/0B7uyMv1mHyxBbEduTXlYMHhubzA?usp=sharing
Peşəkar inkişaf üçün təlim seçərkən diqqət etməli olduğumuz meyarlar
Günümüzdə müəllimlik hər zaman özünü inkişaf etdirməyi tələb edən peşə sahəsidir. Müəllim hər zaman öz biliklərini artırmalı, bacarıqlarını inkişaf etdirməli və yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün təhsil sahəsində təşkil olunan təlimlərdə iştirak etmək hər bir müəllimin arzusu və istəyidir. Bəs təlim seçərkən hansı faktorlara diqqət etmək lazımdır? Bu yazımda təlim seçərkən diqqətli olmanız gərəkən meyarlar haqqında danışacam.
- Təlimin mövzusu nədir? Bəzən təlimin adı qulağa gözəl səslənsə də təlim bildiyiniz bir mövzuda və yaxud sizin üçün maraqlı olmayan bir mövzuda ola bilər. Ona görə də təlimə qoşulmazdan əvvəl təlimin mövzusu ilə maraqlanın və özünüzə sual verin bu mövzunu bilmək sizə nə qədər lazımdır? Gələcək işlərinizdə bu mövzu sizə nə qədər faydalı olacaq? Təlim seçərkən çalışın ki, sizə bugün ki işinizdə daha çox lazım olan mövzularda olan təlimlərə üstünlük verəsiniz.
- Təlimçi kimdir? Təlimin mövzusu nə qədər əhəmiyyətlidirsə, təlimi keçən təlimçi də bir o qədər mühüm meyardır. Təlimini keçdiyi mövzuya tam bələd olmayan bir təlimçinin təlimində vaxtınızı və pulunuzu itirməyi sizdə istəməzsiniz. Buna görə də, təlimində iştirak etmək istədiyiniz təlimçini təliminə getməzdən əvvəl təcrübəsini, əvvəlki təlimlərini araşdırın. Əvvələr həmin təlimçinin təlimində iştirak etmiş dostlarınızdan və həmkarlarınızdan təlimçi haqqında məlumat əldə edin.
- Təlimin müddəti mövzuya uyğun olmalıdır. Nəzərə alın ki təlim əgər çox qısa müddətlidirsə, sizə öyrəndiklərinizi tətbiq etmək və yaxud müzakirə etmək imkanı verməyəcək. Bu zaman təlim sizin gözlədiyiniz effekti verməyəcək, elə öyrəndiklərinizin böyük hissəsini təlimdən bir neçə gün sonra unudacaqsınız. Buna görə də, təlim seçən zaman bir və yaxud bir neçə gün davam edən təlimlərə üstünlük verin.
- Təlimin planı və ya toxunulacaq mövzunun qısa xülasəsi paylaşılıbmı? Peşəkar insanlar tərəfindən hazırlanan təlimlərin planı və yaxud qısa xülasasi iştirakçıları məlumatlandırmaq məqsədi ilə əvvəlcədən paylaşılır, təlimdə toxunulacaq mövzular haqqında iştirak etmək istəyən şəxslərə məlumat verilir. Siz bu plan və yaxud məlumatla tanış olmaqla, təlimdən öncə təlimin mövzusu haqqında məlumat əldə etmiş olursunuz. Bu isə sizi sizin üçün maraqlı olmayan bir mövzuda olan təlimdə iştirak etməkdən qoruyur.
- Təlimin qiyməti. Təlimi seçərkən mühüm faktorlardan biri də təlimin qiymətləridir. Ölkəmizdə bu gün keçirilən təlimlərin bəzilərinin qiymətlərinin normadan yüksək olduğunu düşünürəm. Əgər təlimdə danışılacaq mövzunu özünüz interetdən öyrənə bilərsinizsə, niyə həmin mövzunun təliminə vəsaitinizi xərcləyəsiniz? Eyni zamanda həmin təlimə xərclədiyiniz vəsaitə bir neçə kitab da alıb oxuya bilərsiniz. Təlimlərə “Yüksək ödəniş tələb olunur, keyfiyyəti də yaxşı olar” fikri ilə yanaşmayın. Unutmayın ki, “Aşbaz yaxşı olduqda, ucuz ətdən də şorba olur”.
- SERTIFIKAT- Sertifikat əldə etdiyimiz uğurun bir göstəricisi olsa da, gedəcəyiniz təlimləri sertifikat verib -verməməsinə görə seçməyin. Sonda sertifikat verilməyən faydalı təlimlər və sonda sertifikat verilən heç bir faydası olmayan təlimlər də var. Əgər getdiyiniz təlim ikinci qrupa aiddirsə aldığınız sertifikatın heç bir dəyəri olmayacaq. Sertifikata görə təlim seçib gedirsinizsə, sertifikatı verən qurumun buna nə qədər səlahiyyəti olmasını, sertifikatın TN tərəfindən tanınıb-tanınmaması əvvəlcədən aydınlaşdırın.
Bəs siz təlim seçərkən hansı meyarlara görə seçirsiniz? Fikirlərinizi paylaşmağı unutmayın.
Onlayn konfrans: “Celebrate Collaborative Education”
Hörmətli müəllimlər !
İnternetdə diqqətimi çəkən və sizin üçün də maraqlı olacağını düşündüyüm bir onlayn konfransı sizinlə paylaşmaq istəyirəm. Konfransın əsas çıxışçıları dünyaca məşhur təhsil şirkətlərinin və təşkilatlarının (Khan akademi, İSTE, Amerka üçün öyrət və s. ) içraçı direktorları və dünyanın müxtəlif yerlərindən olan təhsil işçiləridir.
Tarix: 1 avqust 2017 ci il
Başlama saatı: 18.00
Yer: Onlayn, qeydiyatdan keçməklə istənilən internetə çıxışı olan qurğudan izləmək və müzakirələrdə iştirak etmək olar.
Çıxış edənlər:
- Sal Khan, CEO of Khan Academy
- Richard Culatta, CEO of ISTE
- Steven Farr of Teach for All and Teach for America
- Anthony Salcito, VP of Worldwide Education at Microsoft
- And 13 teachersfrom across the globe, ready to share their classroom secrets
Tədbirin dili: İngilis dili
Qeydiyatdan keçmək və ətraflı məlumat almaq üçün link:
Animasiya hazırlamaq üçün proqram
Hörmətli müəllimlər,
Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.
Bir neçə addımda komiks, karikatura hazırlama
Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.
Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda istifadə etmək mümkündür. Məsələn:
- Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
- Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
- Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.
Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.
Artırılmış reallıq nədir?
Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri:
- Uşaqlar üçün maraqlı və əyləncəlidir
- Güclü motivasiya vasitələridir
- Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
- Artırılmış reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır
Mənfi tərəfləri:
- Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
- Əlavə texnologiyadan istifadə tələb olunur
- Bəzən əlavə vaxt itkisinə səbəb olur.
- Ödənişli olan nümunələrin sayı çoxdur.
Günümüzdə müxtəlif fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.
Sphero ilə proqramlaşdırma və robotiks
Sphero – uşaqlara proqramlaşmanı öyrətmək, robotiks, STEAM dərslərində istifadə olunan resurslardan biridir. Robot – kürə şagirdlərə yazdıqları proqramın nəticəsini görməyə imkan veridyi üçün , onlarda proqramlaşdırmaya qarşı böyük maraq yaradır. Bugün ki, videomda sizə sphero haqqında məlumat verməyə, nümunə tapşırıq göstərməyə çalışacam:
İnternetdə məlumatın etibarlılığını yoxlamaq
Günümüzdə şagirdlər tədqiqat aparan zaman, tez- tez internetdə axtarış aparmalı olurlar. Bəzən isə axtarış nəticəsində yanlış məlumatlar əldə edirlər. Bun görə də, şagirdlərdə internetdə tapdıqları məlumatların etibarlılığını yoxlamaq kimi bacarıq formalaşdırmaq tələb olunur. Bu bacarıq onlardan verilən məlumata tənqidi yanaşmalarını tələb edir. Bir neçə meyar var ki bu meyarların əsasında verilən məlumatın etibarlı olduğunu və ya olmadığını yoxlaya bilərsiniz.
- Sayt nə vaxtdan fəaliyyətə başlayıb? Məlumatlar tez-tez paylaşılır və yenilənirmi?
- Saytda paylaşılan məlumatların mənbələri göstərilibmi? Sayta əlavə olunmuş linklər işləyirmi?
- Sayta istifadçilər üçün əks əlaqə imkanları yaradılıbmı? İstifadəçilərin sayt və paylaşılan məlumatlar haqqında fikirləri və şərhləri nələrdir?
- Saytın məxsus olduğu şəxs və ya təşkilat kimlərdir? Sayt hansı məqsədlə məlumat paylaşır? Məlumatı paylaşan şəxs bu sahədə nə qədər təcrübəlidir?
- Saytın ünvanı, domain adı, məlumatlarda orfoqrafik səhvlərin olmaması xüsusi əhəmiyyət daşıyır.
- Saytda tapdığınız məlumat digər saytlarda və mənbələrdə də öz təstiqini tapırmı.
Bu meyarların sayını daha da artırmaq olar. Mühüm olan odur ki, şagirdlərdə bu bacarıqları formalaşdıra bilək. Nümunə üçün şagirdlərinizlə istifadə edə biləcəyiniz iş vərəqi formasını sizinlə paylaşıram:
https://docs.google.com/document/d/1lZ-T6vf7fVwW5x1bgGfaxbJIg3Xh5Sp-hhFlw37FnTA/edit?usp=sharing
Eyni zamanda müxtəlif insanlar öz seçimlərində müxtəlif meyarlara üstünlük verirlər. Fikirlərinizi bizimlə bölüşün: Bəs siz internetdə tapdığınız məlumatın etibarlı olmasını necə yoxlayırsınız?
Tinkercad ilə 3D modelləşmə və fəza fiqurları
TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar. Daha ətraflı aşağıdakı video dərsdə :
Voki ilə öz qəhrəmanını canlandır
Hörmətli müəllimlər,
Voki müxtəlif qəhrəmanları canlandırmaq, səsləndirmək üçün istifadə olunan internet servisidir. Servis imkan verir ki saytdakı qəhrəmanları mikrafonla səsini yazmaqla, və yaxud kompüterdə olan səsi əlavə etməklə canlandırasan. Bundan başqa saytın:
- Hazır qəhrənamları redaktə etmək,
- Mikrafondan, kompüterdən səs daxil etmək
- Klaviaturadan daxil edilmiş mətni səsləndirmək
- Arxa fonu dəyişmək
- Hazırlanan işi müxtəlif sosial şəbəkələrdə paylaşmaq və linki olan şəxslərin qeydiyatdan keçmədən işi izləmək kimi imkanları var.
Servisdən müəllimlər və şagirdlər müxtəlif məqsədlərlə istifadə edə bilər. Sayt şagirdlərə geniş yaradıcılıq imkanları, eyni zamanda müəyyən məsələyə özləri üçün maraqlı olar formada münasibət bildirmək imkanı yaradır.
Məsələn: Ev heyvanları haqqında dərs zamanı, şagirdlərin hər biri sayta daxil olur, özünün seçdiyi ev heyvanının canlandırır və onun insanlar üçün əhəmiyyətini izah edir. Bu sadə tapşırıq zamanı şagirdlərin özlərini ifadə etmək, yaradıclıq bacarıqları inkişaf edir.
Əgər sizində resursdan istifadə haqqında maraqlı ideyanız varsa, bloqda şərh hissəsində yazmaqla digər həmkarlarınızla bölüşə bilərsiniz.
İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt
Hörmətli müəllimlər,
Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:
- Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
- Tapşırıqların dizaynı üçün daha çox imkan var
- Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
- Müəllim şagirdin nəticəsinə və verdiyi cavablara fikir bildirə bilməsi imkan
Sayt haqqında daha ətraflı məlumatı aşağıdakı video dərsdən əldə edə bilərsiniz :