Müəllimin inkişafında şəxsi öyrənmə şəbəkələrinin rolu

Əgər bu gün təhsil sistemimizdə ciddi dəyişikliklər etmək, təhsil səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq istəyiriksə, dəyişikliyə ilk növbədə özümüzdən başlamalıyıq. Biz müəllim kimi dünya təhsilində istifadə olunan ən son metodlardan, texnologiyalardan xəbərdar olmalı və onları öz dərslərimizdə tətbiq etməliyik. Bu isə müəllimin şəxsi öyrənmə şəbəkəsinin olmasının əhəmiyyətini artırır.  Bəs şəxsi öyrənmə şəbəkəsi nədir?  Şəxsi öyrənmə şəbəkəsi dedikdə sizin ətrafınızda olan, müxtəlif vasitələrlə əlaqə saxladığınız müəllimlər, təlimçilər, pedaqoji sahədə çalışan şəxslər, təhsil işçiləri  nəzərdə tutulur. İnformasiyanın çox böyük sürətlə yayıldığı bir dövrdə yaşayırıq. Öz biliklərimizi digər insanlarla paylaşır, qarşılaşdığımız problemlər, çətinliklər barəsində müxtəlif vasitələrlə həll yolu axtarırıq. Şəxsi öyrənmə şəbəkəsi sizə imkan verir ki, öz təcrübənizi digər insanlarla bölüşəsiniz, müxtəlif şəhərlərdə, ölkələrdə,  dünyanın müxtəlif yerlərində yaşayan təhsil sahəsində çalışan şəxslərlə əlaqə saxlayasınız. Əgər sizdə öz şəxsi öyrənmə şəbəkənizi yaratmaq istəyirsinizsə, ilkin olaraq öz məqsədinizi müəyyən etməlisiniz və buna necə nail olacağınızı dəqiqləşdirməlisiniz:Şəxsi öyrənmə

  • Hansı vasitələrdən, resurslardan istifadə edəcəyinizi planlaşdırın. Şəxsi öyrənmə şəbəkəsi qurmaq üçün siz müxtəlif vasitələrdən istifadə edə bilərsiniz: sosial şəbəkələr, internet saytları, bloqlar, forumlar, müəyyən qurumlar.
  • Kimlərdən öyrənəcəksiniz və kimləri öyrədəcəyinizi planlaşdırın. Öz sahəniz üzrə ekspert insanları müəyyənləşdirin eyni zamanda fikirlərinizi paylaşmaq istədiyiniz insanları seçin.
  • Hansı formada öyrənəcəksiniz və öyrədəcəksiniz. Siz texnologiyanın imkanlarından istifadə edib onlayn və yaxud üzbəüz şəkildə öyrənə və öyrədə bilərsiniz.
  • Öyrənmək üçün vaxtınızı planlaşdırın.

Şəxsi öyrənmə  şəbəkəni yaratmağa sosial media hesablarınızla başlaya bilərsiniz. Facebook, Google +, Twitter, Pinterest kimi sosial şəbəkələrdə təhsillə bağlı müxtəlif qruplara qoşulun, təhsil sahəsində çalışan, açıq fikirli, hər zaman öz bildiklərini bölüşməyə çalışan insanlarla əlaqələr yaradın və onların müntəzəm izləyin. Fikirlərinizi paylaşarkən şəbəkə etikası qaydalarına əməl edin və  münaqişələrdən uzaq olun. Eyni zamanda müxtəlif qrupları, səhifələri, şəxsləri izləməklə yanaşı, müzakirələrə qoşulun, öz fikirlərini bildirin. Sizə qaranlıq qalan məsələlərlə bağlı suallarla müraciət edin, digər insanların suallarını cavablandırın. Bu zaman siz təhsil sahəsində baş verən yeniliklərdən hər zaman xəbərdar olacaqsınız. Linkedin ölkəmizdə çox da geniş istifadə olunan sosial şəbəkə növü olmasa da, hal-hazırda  ölkəmizdə bu sosial şəbəkədən istifadə edən istifadəçilərin sayı hər gün artır. Linkedinin digər sosial şəbəkələrdən fərqi ondan ibarətdir ki, bu sosial sırf  şəxsi öyrənmə şəbəkəsini formalaşdırmaq, müxtəlif sahələrdə çalışan insanlarla əlqələr yaratmaq üçün nəzərdə tulub. Siz bu sosial şəbəkədə öz bilik və bacarıqlarınızı, uğurlarınızı, diplom və sertifikatlarınızı iş təcrübənizi paylaşa bilərsiniz. Bu sosial şəbəkə sizin onlayn CV-iniz kimidir. Siz istənilən zaman bura daxil olub yeni məlumatlar artıra, öz məlumatlarınızı yeniləyə bilərsiniz. Eyni zamanda Linkedin sizə imkan verir ki, sizin  ətrafınızda olan insanlar sizin bilik və bacarıqalarınız, təcrübəniz haqqında rəy bildirsinlər.  Youtube hesabı yaratsanız öz biliklərinizi video dərslər şəkildə burda yerləşdirə bilər, eyni zamanda müxtəlif təhsillə bağlı kanalları izləməklə faydalı məlumatlar tapa bilərsiniz. Dünyada təhsil işçiləri tərəfindən izlənilən bir neçə youtube kanalı: TedEducation , Youtube Education, Youtube Teachers, Teaching Channel.  Google Hangdouts və Skype ilə siz istənilən yerdən və istənilən zaman onlayn dərslərə, müzakirələrə qoşula bilər, eyni zamanda özünüz də dərslər verə bilərsiniz. Belə servislərdən istifadə öyrənmə prosesindəki zaman və məkan məhdudiyyətini aradan qaldırmağa, dünyanın istənilən yerindəki həmkarlarınızla əlaqə qurmağa imkan verir. Digər bir mühüm məqam isə müntəzəm olaraq  seminarlarda, kurslarda, onlayn vebinarlarda iştirak etməkdir.Bunlar sizə yeni məlumatlar əldə etməyə, yeni insanlarla əlaqələr qurmağa, müzakirələr aparmağa imkan verəcəkdir. Onlayn kurslarda iştirak edə biləcəyiniz bir neçə saytı qeyd etmək istəyərdim: Coursera.org, Udemy.com, Lynda.com, Edx.org, Khanacademy.org.

Şəxsi öyrənmə şəbəkəsinin digər bir elementi isə bloqlardır. Bu gün WordPress, Blogspot, Weebly kimi müxtəlif servislər var ki, sizə pulsuz olaraq öz bloqunuzu yaratmağa və öz fikirlərinizi paylaşmağa imkan verir. Siz öz bloqunuzda öz fikirlərinizi, hazırladığınız dərs planlarınızı, tapşırıqlarınızı paylaşa bilər, digər insanlara da faydalı olmaqla yanaşı, hazırladığınız işlər barəsində həmkarlarınızın fikirlərini öyrənə bilərsiniz. Əgər bloqunuzun daimi izlənməsini istəyirsinizsə müntəzəm olaraq paylaşımlar edin və çalışın paylaşdığınız resurslar öz resurslarınız olsun. Digər insanların hazırladığı resursları paylaşarkən icazə almağı və müəllif hüquqlarını qorumağı unutmayın. Bu insanlarda sizə qarşı hörmət və inam formalaşdıracaqdır. Yazdığınız hər bloq yazısı sizə öz təcrübənizi yenidən nəzərdən keçirməyə, özünüzü qiymətləndirməyinizə imkan verəcəkdir. Sizin paylaşımlarınıza fikir bildirən insanlara öz təşəkkürünüzü bildirməyi unutmayın. Eyni zamanda sizin sahənizlə bağlı fəaliyyət göstərən bloqları müntəzəm izləyin və orda paylaşılan məlumatların müzakirəsində iştirak edin.  Dərslərinizdə istifadə edə biləcəyiniz faydalı resurslar və ideyalar tapa biləcəyiniz bir neçə saytı və bloqu sizə təqdim edirəm:

http://www.educatorstechnology.com

http://www.teachingideas.co.uk

http://www.prometheanplanet.com

http://www.primaryresources.co.uk

http://www.slideshare.net

http://www.teachthought.com

Müəyyən müddətdən bir öz öyrənmə şəbəkənizdə olan mənbələri, əlaqələri nəzərdən keçirin. Sizin üçün  faydalı olan və yaxud faydasız hesab etdiyiniz mənbələri fərqləndirin. Öyrənmə şəbəkənizdəki mənbələrin, əlaqələrin sayı ilə yanaşı keyfiyyətinə də önəm verin. Öyrəndiyiniz yeni məlumatları, ideyaları sinifinizdə tətbiq etməyə çalışın. Sinifinizdə tətbiq edərkən qarşılaşdığınız problemlər, aldığınız nəticələr barəsində yenidən öz şəbəkənizdə olan insanlarla, öz həmkarlarınızla paylaşın. Hər zaman əldə etdiyiniz nəticəni daha da yaxşılaşdırmaq barəsində düşünün. Şəxsi öyrənmə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi uzun müddət tələb edən prosesdir. Əgər şəxsi öyrənmə şəbəkənizi qurmağa yeni başlamısınızsa bu başlanğıcda sizə çox çətin gələcəkdir, lakin yuxarıda qeyd olunanları tətbiq etdikcə öyrənmə şəbəkənizin necə inkişaf etdiyini özünüz də hiss edəcəksiniz . Unutmayın ki, bilik və təcrübə paylaşdıqca artır, əsl müəllim isə hər zaman öz peşəkar inkişafı barəsində düşünməli, özünü müəllim kimi daima inkişaf etirməlidir. Öz öyrənmə şəbəkənizi qurmaqla siz peşəkar inkişaf yolunda böyük bir addım atmış olacaqsınız. Bu işdə hər birinizə uğurlar arzulayıram.

 

 

Rəy yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma